Avstraliyada 16 yaşdan kiçiklərin sosial şəbəkələrə girişini qadağan edən qanun, Nümayəndələr Palatasından sonra Senatda da qəbul edilib.
Qlobal.net bildirir ki, bununla Avstraliya uşaqlar üçün sosial şəbəkələri qadağan edən ilk ölkə olub.
Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Senat ilin son iclasında bu qanun layihəsini 19 əleyhinə, 34 lehinə səslə qəbul edib.
Layihədə Senatda qəbul edilmədən əvvəl kiçik dəyişikliklər edildiyindən, onun sabah yenidən Nümayəndələr Palatasında təsdiqlənməsi gözlənilir. Sonda qanun layihəsi simvolik olaraq Avstraliya General-Qubernatoru tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.
Nümayəndələr Palatasında dünən keçirilmiş səsvermədə layihə 102 lehinə, 13 əleyhinə səslə qəbul olunmuşdu.
Dünyada ilk belə qanun
Bu qanun layihəsi sosial şəbəkə şirkətlərinə müvafiq tənzimləmələri həyata keçirmək üçün 12 aylıq müddət verdikdən sonra qüvvəyə minəcək.
Qanuna görə, sosial şəbəkə platformaları, məsələn, Facebook, TikTok, Snapchat, Reddit, Instagram və X, 16 yaşdan kiçik uşaqların platformalara girişini məhdudlaşdırmaq üçün bir il ərzində tədbirlər görməlidir. Qanuna əməl etməyən şirkətlər təxminən 33 milyon dollara qədər cərimələnə bilər.
Bəzi platformalar, məsələn, WhatsApp kimi mesajlaşma xidmətləri, YouTube və onlayn oyun saytları isə bu qanundan istisna edilə bilər.
Fidan
Qlobal.net