15 yaşında ərə verilən qız həyat yoldaşı və qayınanası tərəfindən döyülüb - FOTOLAR
15 yaşında ərə verilən qız həyat yoldaşı və qayınanası tərəfindən döyülüb - FOTOLAR"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, feysbuk hesabında 15 yaşında ərə verilən qızın fotolarını yayımlayıb. Zeynalova onun əri və qayınanası tərəfindən şiddətə məruz qaldığını bildirib:
"Zorakılığa niyə susulur axı? 15 yaşında ərə verilən xanımın 2 övladı dünyaya gəlib. Əri oğurluq, o cümlədən başqa cinayətlərə görə həbs olunub və 13 il cəza alıb. Əri həbsdən çıxdıqdan sonra anası ilə birləşib həmin qadının bütün əşyalarını qızıllarını əlindən alıb evdən qovublar. Həyat yoldaşı barışmaq adı ilə qızın ata evinə gələrək orada dəfələrlə döyüb. Sual yaranacaq ki, bəs polisə niyə müraciət etməyib? Polisə qadın müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar "Barış" və "Ərizəni götür" deyə təyziq ediblər. Qadın məcbur olub ərizəni götürdükdən sonra amansızca yenidən döyülüb. Qadının hazırda başında 7 tikiş qoyulub, qolunda, üzündə yara izləri qalıb.
Bu məsələlər artıq ciddi narahatlıq yaradır. Biz sığınacaq olaraq dəfələrlə qurumlara müraciət etsək də, ciddi tədbir görülmür. Bu qadın sığınacaqdan məcbur bir müddət sonra çıxmalıdır. Bəs onun başına hər hansı hadisə gəlsə, "Ər həyat yoldaşını öldürdü" adlı xəbər başlıqlarına 2 saniyə baxıb keçməklə kifayətlənəcəyik. Biz indidən həyəcan siqnalı veririk ki, sığınacaqda qalan qadınların təhlükəsi hələ də davam edir. Xahiş edirik, tədbir görün. Nə edək, siz deyin?"