11 il sonra doğulan uşaq anasız qaldı - Ata isə cəzadan azad edildi
4 yaşlı uşağın ömürlük anasız, illərlə atasız qalacağına səbəb olan cinayət hadisəsi…
Bəhs edilən real hekayə Azərbaycanın cənub bölgəsində, daha dəqiq desək, Masallı rayonunun Təklə kəndində baş verib.
Qlobal.net “Qafqazinfo”ya
istinadla xəbər verir ki, 47 yaşlı Yalçın Məmmədov və 44 yaşında cinayət
qurbanı olmuş İlkanə Məmmədova 2008-ci ildə ailə qurublar. Əvvəl
ailədaxili mübahisələr, sonradan cütlüyün övlad sahibi ola bilməməsi,
bir müddət sonra ailənin maddi vəziyyətinin pisləşməsi evdəki
münasibətləri daha da kəskinləşdirib.
11 illik müalicələrdən sonra İlkanə ana olur. Amma qız
övladının doğulması ilə gələn sevinc də uzun çəkmir. Yalçının anasının
ölümü, uşağın xərclərini tam qarşılaya bilməmək mübahisələri aramsız
edir.
Yalçının arvadını öldürdükdən sonrakı günlərdə müstəntiqə verdiyi ifadəsi məhkəməyə təqdim edilib. O, hər şeyi ətraflı danışıb:
“İlkanə ilə 15 il əvvəl evlənmişdik. İlk vaxtlarda
münasibətlərimiz normal olsa da, sonradan aramızda soyuqluq yaranmağa
başladı. Bunun da əsas səbəblərindən biri imkansızlıq idi. Son illlərə
kimi anam da, mən də pensiya alırdıq. Birtəhər dolanırdıq. Anamın
ölümündən sonra mənim də pensiyam dayandı. Ara-sıra qardaşım bizə
köməklik etməyə başladı. Həmin vaxtlarda İlkanə ilə də münasibətlərimiz
lap pisləşdi. Məni tez-tez əsəbiləşdirir, evdə kişi kimi görmürdü. Ona
dəfələrlə xəbərdarlıq edirdim. Hətta bir dəfə dedim ki, məni qəbul
etmirsənsə, pencəyimi götürüb gedə bilərəm. Onun “kişisinsə, evini kişi
kimi idarə et”-, deməsi məni lap özümdən çıxarırdı. Evdəki vəziyyətdən
bizdən ayrı yaşayan qardaşıma danışıb gileylənməsi isə məni daha çox pis
edirdi. Dəfələrlə ona belə etməməsini deyirdim. Baş verənlərə dözə
bilməyib son 6 ayda depressiyaya düşdüm. Bu da ailədaxili gərginliyi pik
həddə çatdırdı.” Cinayətdən 24 saat əvvəl və həmin gün...
“İyulun
29-u idi. Aptekdən dərman alıb evə qayıdırdım. Evə çatanda İlkanənin
qonşunun həyətində söhbət etdiyini gördüm. Ondan evə gəlib çay verməsini
istədim. Amma mənə çay vermək istəmədiyini dedi. Əsəbi halda ona tərəf
bir neçə daş atdım. Səhəri gün evdə yenə dalaşdıq. Məni təhqir etdi.
Utandığım üçün bütün pəncərələri bağladım ki, qonşular eşitməsin. Bundan
sonra evə daxil olub, onu öldürmək fikrimi qətiləşdirdim. Çarpayıda
yanına uzandıqdan sonra bıçaqla vurmağa başladım... Müqavimət göstərməyə
başladı. Bu vaxt bıçaq əlimdən düşdü. Ondan sonra əynindəki donla bərk
boğmağa başladım. Bir neçə dəqiqə sonra canını verdiyinə əmin oldum”. İlkanədən sonra özümü də öldürmək istədim. Üç bıçaqla özümə zərbələr endirdim, amma olmadı...
“Ölməyim üçün üç bıçaq dəyişdim. Əvvəl damarlarımı kəsdim,
sonra bıçağı sinəmə vurdum. Küt olduğu üçün yaxşı kəsmirdi. Buna görə
divara dirəyib, özümü möhkəm bıçağa çırpdım. Qan içində yerə yıxılıb,
huşumu itirdim...”
“Bir
qədər sonra qızımın kənar otaqdan gələn səsinə qəfil oyandım. Çoxlu qan
itirirdim. Divarlardan tuta-tuta qızımın otağına keçdim. Bir dənə
məndən su istədiyini eşitdim. Ondan sonra özümdən getdim. Oyananda artıq
xəstəxanada idim. Bir onu deyə bilərəm ki, peşmanam.” Nəticə - Yalçın cəzadan azad edilir...
Hadisədən sonra keçirilən ekspert rəyləri ilə Yalçının
cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübut edilib. Rəydə onun əvvəldən
də bəzi psixi pozuntuları olduğu əksini tapır. Prokurorun məhkəməyə
göndərdiyi qərarda Yalçının cəzadan azad edilərək məcburi müalicə üçün
uzunmüddətli xəstəxanaya yerləşdirilməsi tövsiyə edilib.
Təqsirləndirilən şəxs özü də məhkəmədə anlaqsız cinayət
törətdiyini və əməlindən peşman olduğunu deyərək əlavə ifadə verməkdən
imtina edib. Mərhum İlkanənin yaxınları isə həkim rəylərini qəbul etmir.
Onlar Yalçının xəstəliyinə inanmır, həbsə göndərilməsini tələb edirlər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfləri dinlədikdən,
ekspertiza rəyləri ilə tanış olduqdan sonra təqsirləndirilən şəxsin
cinayəti anlaqsız vəziyyətdə törətdiyini təsdiqləyib. Müşfiq Məmmədovun
sədrlik etdiyi məhkəmə tərkibinin qərarı ilə Yalçın Məmmədov cinayət
məsuliyyətindən azad edilib. Qərar apellyasiya məhkəməsində qanunu
qüvvəyə minərsə o, məcburi psixatriya stiasionarında müalicəyə cəlb
ediləcək.