102-yə zəng: “Kömək edin, məni oğurlayıblar”
Adam oğurluğunda təqsirləndirilən Rahib Rəhimovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimov 7 il 6 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
İttihama görə, 1968-ci il təvəllüdlü Rahib Rəhimov qabaqcadan əlbir olduğu bir qrup şəxslə 27 may 2013-cü ildə saat 22 radələrində istintaqla müəyyən edilməyən İlkin adlı şəxsin vasitəsilə zərərçəkmiş Namiq Qafarov (ad şərti) ilə sonuncunun qeyd edilən şəxslərə 53 054 manat pul borcu ilə bağlı danışıqların aparılması məqsədilə Bakı şəhərinin Xətai rayonu Əhmədli qəsəbəsi Gəncə prospekti 54 saylı binanın qarşısında görüşüb.
Rahib Namiqə zor tətbiq edərək tanışının “Tofaş” markalı avtomobilinə mindirib digər tanışları sonuncunun icraçı direktor işlədiyi Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi S.Bəhlulzadə küçəsində olan şirkətinə məxsus yarımtikili binanın gözətçi otağına aparıb. Orada Rahib və tanışları zərərçəkmişi döyüblər. Sonra Rahibin tanışları Namiqi “Hyundai Azera” markalı avtomaşına mindirib əvvəlcədən kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu B.Sərdarov küçəsi, 12 saylı binanın qarşısına gətiriblər. Orada onları gözləyən Rahibin digər tanışları Namiqi binanın 4-cü mərtəbəsində olan 44 saylı mənzilə gətirərək 29 may 2013-cü il tarixədək qanunsuz saxlayıblar. Həmin mənzildə saxlanılan müddətdə onlar zərərçəkmiş şəxsi döyüb, ona sağlamlığa yüngül zərər vurmaqla işgəncə veriblər.