photo_89374726
1-ci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə

1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi hazırlanıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.


Bildirilib ki, layihə yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək.


Qeyd olunub ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın iclası keçirilib.


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə yaradılmış Komissiyanın üzvləri müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəislərinin müavinləri, Dövlət Sığorta Kommersiya Şirkətinin sədridir.


Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək xəsarət alan hərbi qulluqçularının və daxili işlər orqanları əməkdaşlarının siyahısını, Ədliyyə Nazirliyi sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslərin siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə sığorta ödənişi verilmiş şəxslərin siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcək.


Fərmanın əhatə etdiyi şəxslər təsdiq ediləcək Qaydalarda göstəriləcək sənədlərini (əlillik sənədləri, şəhadətnamə, xəsarət alması və ya xəstələnməsi ilə əlaqadar arayış, yaxud qərar və s.) öncədən açıqlanacaq tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun ərazi üzrə Filiallarına və ya DOST mərkəzlərinə təqdim edəcəklər. Vəfat etmiş müharibə əlillərinin vərəsələrinin vərəsəlik hüququ notariat orqanları tərəfindən müəyyən ediləcək.


Sənədlər təqdim edildikdən sonra ödəmə nağdsız qaydada şəxsin bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək. Birdəfəlik ödəmə qeyd olunan məbləğlərdə bir dəfə sığorta ödənişi almış hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilməyəcək.


İclasda Fərmanın icrası sahəsində aparılan birgə işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

07.01.2022 21:00
171